Ciddi Oyunlar — Giriş
Bu yazı “Ciddi oyunlar və onların dayanıqlı rifaha müsbət təsiri” adlı silsilənin ilk məqaləsidir. Bu silsilədə ciddi oyun anlayışı (Serious Games — tədris və maarifləndirici oyunlar), onların müxtəlif sahələrdə — təhsildən tutmuş təbii fəlakət risklərinin idarə olunmasına qədər — necə istifadə olunduğu sadə dildə izah ediləcək.
Düşünmə və qərarvermə bacarığı
İnsanların düşünmə və qərarvermə bacarıqları həm onların, həm də ətrafdakıların rifahına birbaşa təsir göstərir. İnsanlar mövcud bilik, təcrübə və inanclarına əsaslanaraq davranırlar. Onlar öz bilik, təcrübə və inanclarına uyğun qərarlar verirlər; bəzən isə nəzəri bilikləri şüurlu şəkildə lazımsız hesab edib öyrənməyə meyilli olmurlar. Buna görə də, nəzəri bilikləri yalnız öyrətmək kifayət etmir — onları praktikada tətbiq etmək daha dərin öyrənməyə gətirib çıxarır. Lakin, praktiki təlimin həmişə əlçatan olmaması, təhlükəli, bahalı və ya insanların müxtəlif fərqli qavrama səviyyələrinin olması bu prosesi çətinləşdirir. Burada əsas sual yaranır:
Necə etmək olar ki insanlar öyrənməyə meyilli olsun, motivasiyası daimi olsun və öyrənmə effektiv olsun?
Simulyasiya və oyunlar
Simulyasiya və oyunlar bu problemin güclü həll yoludur. İnsanların interaktiv oyun simulyasiyaları vasitəsilə öyrənməsi həm təhlükəsiz, həm də əyləncəli olur. Məsələn, COVID-19 pandemiyası zamanı epidemiya modelləri insanların xəstəliyin yayılma mexanizmini başa düşməsinə və sosial məsafə, karantin kimi tədbirlərin vacibliyini öyrənməsinə kömək etdi. Bu misal yalnız simulyasiyanın real həyatda necə və hansı məqsədlə tətbiq olunduğunu göstərir.
Simulyasiyanın oyun formatına çevrilməsi isə uzunmüddətli nəticələr üçün əsasdır, çünki bu birbaşa insanların öyrənilməsini təmin edir. Məsələn, nəqliyyat sahəsində tıxacların niyə yarandığını başa düşmək üçün əvvəlcə simulyasiya hazırlanır. Simulyasiya göstərir ki, hansı amil hansı nəticəyə səbəb olur. Daha sonra bu simulyasiya oyun formasına çevrilir ki, oyuncular onu oynayaraq öyrənsin, və gündəlik həyatda daha ağıllı qərarlar qəbul edə bilsinlər.
Ciddi oyunlar sadəcə əyləncə üçün deyil, materialı mənimsəmək və öyrənmək üçün hazırlanmış oyunlardır. Bu oyunlar müxtəlif sahələrdə tətbiq oluna bilər: təhsil, səhiyyə, şəhər planlaması, mühəndislik, fövqəladə hallar idarəsi və s. Onlar həm tələbələr, həm də qərarvericilər (policy makers) tərəfindən istifadə edilə bilər, çünki hər iki qrup üçün öyrənmə və qərarverməni dəstəkləyir.
Oyun nəzəriyyəsi: Ludus və Paidia
Caillois (1962) və Frasca (1999) oyunları iki qrupa ayırır:
- Ludus: Qalib–məğlub anlayışı olan, qaydaları sərt və strukturlu oyunlar (məsələn, şahmat).
- Paidia: Real qalib və məğlub yoxdur; məqsəd rəqabətdən çox təcrübə və öyrənmədir (məsələn, Lego). Paidia daha sərbəst və doğaçlama oyun formasını, Ludus isə strukturlaşdırılmış və rəqabətli oyun formasını təmsil edir.
Bu fərq vacibdir, çünki rəqabət motivasiyanı artıra bilsə də, ciddi oyunlar əsasən Paidia yanaşmasına əsaslanır: mehriban, dostyana və interaktiv mühitdə öyrənməyi, düşünməyi və qərarverməni təşviq edir (Burguillo, 2010; Madani et al., 2017).
Ciddi Oyun vs Oyunlaşdırma
- Ciddi oyunlar (Serious Games): virtual, simulyasiya edilmiş mühitdə ciddi məqsəd daşıyan oyunlar.
- Oyunlaşdırma (Gamification): oyun elementlərini real dünyadakı tapşırıqlara tətbiq etməkdir.
Sadə desək: ciddi oyunlar oyunları məqsədyönlü edir, oyunlaşdırma isə real həyatı daha əyləncəli edir. Məsələn, Duolingo və Strava kimi platformalar gamification nümunələridir.
Təbii fəlakətlər və insan davranışı
Çox hallarda fəlakətlər yalnız texniki problem kimi təqdim olunur — xəritələr, planlar və statistikalar. Amma real həyatda əsas rol insan davranışıdır: qorxu, tərəddüd, yanlış məlumat və başqalarını təqlid etmək kimi reaksiyalar.
Get Aygun Ismayilova’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Ciddi oyunlar bu davranışları təhlükəsiz mühitdə anlamağa və öyrənməyə imkan verir.
Niyə Azərbaycan dilində?
Bu sahə üzrə keyfiyyətli materialların çoxu xarici dillərdədir. Doğma dildə izah daha dərin başa düşülməyə, daha geniş auditoriyaya və daha uzunmüddətli təsirə səbəb olur. Bu blog bu boşluğu qismən də olsa doldurmağı hədəfləyir.
Kimlər üçün?
- Tələbələr
- Müəllimlər
- Tədqiqatçılar
- Mütəxəssislər
- Sadəcə maraqlanan hər kəs
Müəllif haqqında
Müəllif Fransada insan davranışının modelləşdirilməsi və ciddi oyunların (serious games) təbii fəlakətlərin idarə olunmasında tətbiqi üzrə tədqiqat aparır. Bu blog şəxsi maarifləndirmə təşəbbüsüdür.
İstinadlar
- Caillois, R. (1962). Man, Play and Games. London: Thames and Hudson.
- Frasca, G. (1999). Ludology meets narratology: Similitude and differences between (video) games and narrative. Ludology.org.
- Burguillo, J. C. (2010). Using game theory and competition-based learning to stimulate student motivation and performance. Computers & Education, 55, 266–275. https://doi.org/10.1016/j.compedu.2010.02.018
- Drimify. (n.d.). Serious Games vs Gamification. https://drimify.com/en/resources/serious-games-gamification/






