The Holiday
Dünən Amerikada milad günü idi. Küçələr səssiz və bom-boş. Bura gələndən yeni bir adətimiz var, gündə bir neçə dəfə çıxıb gəzişmək. Burda gəzməyi asanlaşdıran 3 ünsür də var əlbəttə ki. Səkilərin (varlığı) və genişliyi, insan kütləsinin azlığı (Bəli, Ştatlarda bəlkə də böyüklükdən irəli gələrək, insanlar Avropada və Asiyadakı kimi sıx şəkildə yaşamır.) və havanın təmizliyi. Bu bayram günlərində boş küçələr, insana adyalın altına girib, ürəyi isidəcək bir kinoya baxmağa təşviq edir.
Girdim reddit-ə, başladım bir-bir xmas kinoları listindəkilərin trailerlərinə baxmağa. Dünən instagramda gəzişərkən, ekranda Kameron Diazın göründüyü gözəl bir bayram otağı görmüşdüm. Bu filmin adını görən kimi, dərhal xoş həyəcan hiss etdim.Təsadüflər nə maraqlı şeydir elə deyilmi? Etiraf edim ki, kino aləminə çox da bələd deyiləm, kino listimi toplasan 10–15 kino çıxar ya çıxmaz. Səbəbini soruşmayın :) Amma kino sənətinə xeyli töhvələr vermiş bir ölkəyə gəlmişkən, mən də bu Guiness rekorduna düşəcək vərdişimdən əl çəkmək istəyirəm.
Kino LA və Surrey-də yaşayan iki gənc (20-lərin axırı və 30-ların əvvəlləri də gəncdir ;) )qadının yeni il və milad qabağı yaşadıqları gözəl və xoş anlardan bəhs edir. Həm İngiltərədəki qədim evin, həm də LA-dəki malikanənin(2006-dan bugünə yenə də çox müasir görünür) ayrı ayrılıqda bir birinə zidd də olsa, maraqlı isti abu-havaları var. Əlbəttə bura, həm Kameron Diazın isti gülüşü, həm də Kate Vinsletin mehriban üzü böyük təsir göstərib.
Kameron Diazı uşaq vaxtı ekranlarda görəndə hər dəfə ətim ürpəşərdi. Bu qadının, çox süni olduğunu düşünərdim. Nə oldusa, onu uşaqlıqda baxdığım, daha doğrusu gördüyüm(bəli bu kateqoriyada çoxlu kinom var, fraqmentləri və aktyorları gördüyüm) Maska kinosuna bu yaxınlarda yenə baxmaq istəyəndə gördüm. Kameron Diazın ilk çıxışı imiş. İlahi bir gözəllik olduğunu və ekran qarşısındakı qadınların daha tez qocaldığı faktının zalımlığını da anlamış oldum.
Digər çox sevdiyim və gözəlliyinin mədhə ehtiyacı olmayan Kate Vinsletimiz də tez yaşalanlardandır. Titanikdəki ilahi gözəlliyi bir daha, qırmızı saçdanmı yoxsa makiyajı sevmədiyindənmi, ekranlarda əks etdirə bilmədi. Bu yaxınlarda oxudum ki, sən demə Titanik kinosunun çıxışı zamanı gözlər üstündə olan və bəzən qəddarcasına üstünə gedilən 19 yaşlı gənc aktrisanın sinir sistemi alt-üst olur. Ondan sonra, böyük işlərdə qəsdən yer almamağa qərar verir. Bu gün Kate Vinslet yaşlanmaqdan qorxmadığını məşhur kanallarda və jurnallarda ekranlara çıxıb, cəsarətlə deyir. Yazıq qadın hansı yollardan keçib ki, mediaya və 90-ların və 2000-lərin əvvəllərinin paparazzilərinə məhəl qoymamağın ən pik halını seçib.
Get Malak Gasimova’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Kişi aktyorlardan danışası olsam, ilk dəfə hansısa işinə baxdığım, adını çox eşitdiyim İngilis əsilli Jude Law, əsərin əsas yaraşıqlısı seçilib. Nə onu bəyəndim nə də ingilis aksentini. Həyatımda ilk dəfə İngilis aksentinə bu qədər qıcıqlandım. Sağolsun, o qədər ağzını əyə əyə danışdı ki, onun səhnələri tez bitsin istədim. Digər nisbətən toppuş aktyor isə, olduqca ürəyə yatqın idi. Onunla Kate Vinsletin kimyasıyla bağlı isə şübhəliyəm.
Adətən romantik komediya janrına üstünlük verib, dünyanın qəmindən kədərindən biraz da uzaqlaşmaq istəyirəm. Bu janrdan 1–2 dəfə kənara çıxıb, həssas qəlbimi günlərlə məhv etdiyim istisnalar olub.Buna baxmayaraq, romantik komediya janrında yaxşı ssenarisi olan kinolar tapmaq elə də asan deyil.
Bu kino isə təəccübləndirməyi bacardı. Xüsusilə də Amandanın Graham-ın evinə gedib, orda qarşılaşdığı sürpriz tamaşaçıya da sürpriz oldu. Graham-ın hıqqınmağından, nəyisə gizlətdiyini və Amandanın yaxşı vaxta gəlmədiyini görürsən. Bununla da ağla gələn ilk şey, evdə başqa bir qadınla olduğudur. Burda maraqlı bir twist var. Bəli o atadır. Boşanmış və qızlarına tək baxan ata.
Bu məqam kinonun həqiqiliyini artıran, obrazla bağ qurmağı asanlaşdıran detallardan biridir. Digəri isə, Amandanın tərəddüdləridir. Yaşını və yenicə bir münasibəti pis bitirdiyini nəzərə alsaq, tələsmək istəmir. Amandayla Grahamı bağlayan çox gözəl incə düşünülmüş bir detal da var. “Üç müşketyör”. Kinonun inandırıcılığını azaldan şey isə hadisələrin cəmi 10–14 günə qızışıb pik həddə çatmağıdır. Əlbəttə hekayəni həyəcanlı eləmək üçün bu variantdan istifadə etmiş ola bilərlər.
Digər tərəfdə isə İris və Miles var. Onları bir birinə çox yaraşdırmasam da, münasibətləri daha yavaş alovlanmağa başladığından və Miles-ı oynayan aktyorun personası çox bəyəndiyimdən onların da münasibətini bəyəndim. Yəqin ki, tarazlığı saxlamaq üçün bir tərəfdə sexual tension yaradıb, bu ikisində isə işləri daha yumşaq sürətlə inkişaf etdiriblər.
İris-in qoca və sanballı Hollivud rejisoru (olduğunu düşündüyüm) ilə görüşləri də çox sevimli bir detaldır. Qocanın İris-ə dediyi “Sən baş qəhrəman olacaq qızsan, amma özünü köməkçi aktrisa kimi aparırsan” sözləri məncə çox yerində və yaddaqalan idi.
Kinonun əslində hekayədən əlavə insanda hisslər yaratdığını yenicə anlamışam. Bu film bayram abu-havalı olduğundan və yumşaq rəng seçimlərindən gözəl və qalıcı hisslər buraxır. Hekayəsi də bu hisslərin güclənməsində öz rolunu oynayır.







