23 / Hekayə
Bu qısa hekayə uzun təsadüflər silsiləsinin qısa bir xronikasıdır.
* * *
Fəsillər dəyişmişdi. Dörd fəsildən sadəcə ikisi qalmışdı: İsti və Soyuq. Çöldə insanın içindəki xoşbəxtliyi yox edən bir hava var idi. Otağın pəncərələri küləyin şiddətindən tir-tir əsirdi; o isə — Pavlovun iti kimi — telefonun səsini eşitməyincə yuxudan oyanmırdı. Çünki telefonun alarm səsi onu hər səhər eyni vaxtda oyadırdı. Ancaq bu dəfə onu yuxudan oyadan başqa bir səs oldu…
Əvvəlcə nə olduğunu anlaya bilmədi, yarıyuxulu halda otağı süzməyə çalışsa da, gecə öz qaranlığı ilə buna əngəl oldu. Nəsə eşitmək ümidi ilə qulaq kəsildi, lakin heç nə eşitmədi. Yenidən yatmaq üçün başını yastığa qoydu və elə o an onu yuxudan oyadan səsin nə olduğunu anladı: ard-arda 4 atəş səsi eşidildi. Gur və əks-sədalı. Səs iki binanın arasındakı boşluqdan yuxarı ucaldı, sonra yavaş-yavaş kəsildi.
Donub qalmışdı; gözlərini otağın açıq pəncərəsindən çəkə bilmirdi. Sanki hər an kimsə içəri girib onu da vuracaqdı…
Birdən həmin boşluqdan ayaq səsləri eşidildi; kimsə qaçaraq uzaqlaşırdı. Sanki az əvvəl donub qalan o deyilmiş kimi cəld ayağa qalxıb pəncərəyə tələsdi. Lakin uzaqlaşan kölgədən başqa heç nə görmədi; bir az sonra o da gözdən itdi. Elə bu an, sanki aşağıda nəsə unudubmuş kimi baxışları yerə dikildi…
Gecənin zift qaranlığı belə aşağıda gördüyü mənzərəni gizlədə bilmədi: qan gölməçəsinin içində cavan bir oğlan uzanmışdı. Gözləri açıq idi, özü isə tamamilə hərəkətsiz. Sinəsində bir, boynunda bir, sağ qolunda isə iki güllə yarası var idi. Sol əli boşluğa uzanmışdı. Sanki son nəfəsində əlini uzadıb nəyisə götürməyə cəhd etmişdi. Təəssüf ki, durduğu yerdən mənzərə aydın görünmürdü.
Bir anlıq tərəddüd etdi. Sonra qərar verərək pəncərənin kənarından ikiəlli yapışdı və özünü iki binanın arasındakı boşluğa buraxdı. Ehtiyatlı addımlarla cəsədə tərəf yaxınlaşıb əyildi. Sol əlin uzandığı istiqamətdə kiçik, qara bir çanta var idi…
Bayaq eşitdiyi ayaq səslərinin uzaqlaşdığı tərəfə yenidən nəzər saldı. Sonra cəld hərəkətlə çantanı yerdən götürdü; əvvəlcə birinci mərtəbədəki mənzilin pəncərəsinə, oradan da öz otağının pəncərəsinə dırmaşdı.
O gecə yuxu onu tamamilə tərk etdi…
* * *
Həmin hadisələri təkrar düşünmək əvvəlki kimi ona əzab verə bilmirdi. O qaranlıq gecə artıq 3 il geridə qalmışdı — 26 yaşı yeni tamam olmuşdu.
O gecə otağına qayıdan kimi çantanı açıb baxmış, içindən 23 min manat pul və kiçik bir kağız parçası tapmışdı. Kağızın üstündə isə bunlar yazılmışdı: “Zaman yara olsa belə, dərman özüdür. Eyni sənin kimi, eyni mənim kimi. Biz birik.”
3 il əvvəl yaşadığı hadisə həm qorxulu, həm də sirli idi; lakin tək qəribə məqam bu deyildi, çünki hadisənin baş verdiyi günün səhəri, yolda gedərkən yaşlı bir kişi ona yaxınlaşıb “Doyunca xərclə, haramın olsun!” demiş, sonra da başını aşağı salaraq yoluna davam etmişdi. O gün təsadüfün böyüklüyünə qarşı sarsılmaz bir inam yaranmışdı içində, çünki pulu tapandan cəmi bir gün sonra belə bir cümlə eşitmişdi…
Həmin hadisənin baş verdiyi il evlənmişdi. İlin sonuna yaxın əkiz övladları dünyaya gəlmiş və daha geniş bir evdə yaşamaq üçün şəhərin başqa bir səmtinə köçmüşdülər. Yeni işi də yeni evinə çox yaxın olduğu üçün heç bir çətinliklə qarşılaşmamışdılar. İndi də həmişəki kimi, işdən çıxıb evə tələsirdi, çünki övladları üçün çox darıxmışdı. Evə tez çatmaq üçün elə tələsirdi ki, sanki onları bir daha görə bilməyəcəkdi…
* * *
Aradan 7 il keçmişdi. Artıq onun 33, övladlarının isə 10 yaşı tamam idi. Həyatı əslində öz axarı ilə gedirdi; bu, bir çox kişinin arzuladığı həmin o dinc, hüzurlu ömür idi. Lakin içində böyütdüyü bu — adını yaxşı bildiyi, amma dilə gətirməkdən çəkindiyi sirr yükü, öz zəhməti ilə qazandığı xoşbəxtliyi doyunca yaşamağına mane olurdu. Çünki illər əvvəl yaranan hadisə zamanı səhv olduğunu düşündüyü bir addım atmışdı və geriyə qayıdıb bunu düzəltmək imkansız idi. Zaman qəddar və dəyişdirilməsi imkansız bir hökm idi… yazılmamış bir qanun kimi…
Evə çatdı. Sakitcə dəhlizdən keçib otağına doğru addımladı. Yolboyu gözləri o biri otaqları süzdü; deyəsən, bütün ev əhli yatmışdı. Yataq otağına keçdi. Şkafın dibindən içi köhnə, xırda əşyalarla dolu olan qutunu, onun da lap dibindən qara çantanı çıxardı. İçi boş idi, lakin onu maraqlandıran çantanın içi deyildi…
Çantanı əlində o tərəf-bu tərəfə çevirərək diqqətlə incələməyə başladı. Əgər yanılmırdısa, 10 il əvvəl təkcə 23 min manat və üstündə mesaj olan kağız yox, başqa bir şey də tapmışdı. Xırda bir şey. Kiçik bir yazı. Və deyəsən, bu yazı çantanın üstündə olmalı idi.
Düz xatırlayırmış. Çantanın iç tərəfində, kiçik cib olan bölmənin kənarında “Ümid” yazılmışdı. Bu təsadüf onu diksindirdi. Çünki əkiz övladlarından birinin adı Taleh, digərininki isə Ümid idi.
Elə bu an dəhlizdən ayaq səsləri eşitdi. Cəld qapıya tərəf döndü. Ümid yuxudan yeni oyanmışdı, gözlərini ovuşdura-ovuşdura atasına baxırdı. Birdən atasının əlindəki kiçik çantanı görüb sevinclə ona tərəf qaçdı. Sonra çantanı əlindən alıb dedi:
– Axı mən bunun yaşılını istəmişdim…
Xatırladı. Bir həftə əvvəl hər iki övladı ondan yeni çanta istəmişdi. Gülümsədi. Çantanın ağzını açdı. “Ümid” yazısını göstərib dedi:
– Bu, sadəcə sənə özəldir.
Daha sonra barmağını dodaqlarının üstünə qoyub oğluna “sus” işarəsi göstərdi, göz vurub gülümsəyərək əlavə etdi:
– Bu bizim kiçik sirrimiz olsun, çünki qardaşına almağı unutdum…
Get Muqeddes Zirve’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
* * *
13 il daha geridə qalmışdı. Onun 46, övladlarının isə 23 yaşı tamam olmuşdu. Hər iki övladı əsgərlikdən qayıtmışdı, lakin o, onlardan sadəcə birini görə bilirdi. Çünki Taleh ancaq pul lazım olanda evə gəlir, sonra yenə gözlərdən itirdi…
Gecə idi. Telefonunun ekranına dalğın-dalğın baxır, nələrin baş verdiyini anlamağa çalışırdı. Tanımadığı nömrədən gələn mesajdakı cümlə hər nə qədər mənalı görünsə də, göndərən şəxsin kim olduğunu bimədiyi üçün bunun bir zarafat olduğunu zənn etmişdi. Birdən… həmin cümləni harada gördüyünü xatırladı. Bu, həqiqətən də həmin cümlə idi: “Zaman yara olsa belə, dərman özüdür.”
Düşüncələrə qərq olduqca qorxu canına yayılırdı, çünki bu cümlə 23 il əvvəlki o hadisənin unudulmaz möhürü idi. Birdən yenə mesaj səsi eşidildi. Astaca telefonun ekranına baxdı. Həmin nömrədən yeni mesaj gəlmişdi: “Eyni mənim kimi, eyni onun kimi.”
Və ardınca növbəti mesaj gəldi: “Biz birik…”
* * *
Bu hadisələrdən 7 il əvvəl, Ümidin 16 yaşı olarkən mühüm bir hadisə baş vermişdi:
Əkiz qardaşı Taleh onu illərdi qısqanırdı və bu qısqanclığın kökləri uşaqlıq illərinə dayanırdı. Təəssüf ki, oxşarlıqları yalnız üz cizgilərindən ibarət idi. Mənasız bir soyuqluq 9 il idi onlarla birgə yaşayırdı; Ümid bunu hiss etsə də, səbəbini anlaya bilmirdi.
O bilmirdi ki, atasının hədiyyə etdiyi, üstündə adı yazılan və 9 il qürurla, sevgiylə daşıdığı qara çanta aralarındakı bu soyuqluğun əsl səbəbi idi. Qardaşı Taleh isə bilmirdi ki, Ümid bir il əvvəl atasının xüsusi olaraq hədiyyə etdiyi həmin qara çantanı itirmişdi. Hədiyyənin itməsi Ümidi bərk üzdüyü üçün çantanın eynisini axtarıb tapa bilmişdi, ancaq üstünə “Ümid” yazısını yenidən yazmaq heç asan olmamışdı…
Qardaşı ilə birgə çəkdirdikləri cəmi bir şəkil var idi. Köhnə çantasında bu şəkli daşımaq ona nəsib olmamışdı. Bəlkə də qismət belə imiş; çünki çanta itəndə yeganə şəkilləri də itmiş olacaqdı. Bu səbəbdən şəkli yeni çantanın içinə qoymaq istədi, ancaq xeyli düşündükdən sonra əsəbiləşib şəkli cırdı və balaca bir kağızın üstünə “Zaman yara olsa belə, dərman özüdü. Eyni sənin kimi, eyni mənim kimi. Biz birik…” yazıb çantanın içinə qoydu.
Ümid qərarını çoxdan vermişdi: artıq ilk addımı atan tərəf o olmayacaqdı. Bundan sonra yaddaşlarına yazılacaq hər acı xatirənin səbəbkarı qardaşı olacaqdı. Necə deyərlər: Talehin dəyişəcəyinə Ümid qalmamışdı…
* * *
7 il su kimi axıb keçmişdi və hər iki qardaşın 23 yaşı tamam olmuşdu.
Ümid, bir il əvvəl universiteti və əsgərliyini bitirib evə qayıtmışdı, lakin iş axtarmağa tələsmirdi. Atasının 4 ildən sonra 50 yaşı tamam olacaqdı. Əvvəlcə atasının yükünü yüngülləşdirmək istəyirdi; elə buna görə gününün çox hissəsini atasına kömək edərək keçirirdi. Qardaşı isə… aylarla evə gəlmir, gələndə isə pula ehtiyacı olduğunu bildirir, istədiyini alandan sonra isə geriyə belə baxmadan yenə çıxıb gedirdi. Onu sonuncu dəfə görəndə ikisi də dinməzcə susmuşdu. Daha sonra, illər əvvəl kiçik bir kağıza yazdığı həmin cümləni xatırlayaraq qardaşına pıçıldamışdı: “Zaman yara olsa belə, dərman özüdür. Eyni sənin kimi, eyni mənim kimi. Biz birik.”. Qardaşı isə heç nə anlamamış, buna baxmayaraq dinmədən-söyləmədən onu yenə tərk etmişdi…
Adi iş günlərindən biri idi: dükan-dükan gəzib borclu müştərilərdən pulları yığmalı, sonra atasının yanına qayıdıb məbləği təhvil verməli və dostları ilə görüşə tələsməli idi. Lakin borclulardan yalnız biri ödəniş etməyə razılaşmışdı; təəssüf ki, həmin müştəri də 50 min manatlıq borcundan sadəcə 23 min manatını qaytara biləcəkdi…
Pulları saydıqdan sonra sevimli qara çantasına yerləşdirib, atasının yanına dönmək üçün yola düzəldi. Hava qaralmışdı, odur ki, ləngimək istəmirdi. Ara məhəllələrdən keçərək yolunu qısaltmağa çalışırdı. Son olaraq, iki binanın arasındakı qaranlıq yoldan keçəcəkdi ki, qəfil qardaşının səsini eşitdi. O, “Ümid!” deyə qışqıraraq qardaşını çağırdı. Ümid arxaya dönəndə isə dörd atəş səsi qulağını batırdı. Sonra da qan içində yerə sərildi.
Son anında belə çantaya tərəf uzanaraq atasının əziz hədiyyəsini qorumağa çalışmışdı. Lakin çantadan da dəyərli olan son nəfəsi bədənini tərk etmiş və bir daha geri dönməmişdi…
* * *
Əsgərlikdən yeni qayıdan Taleh, hər saniyəsini planlaşdırdığı “intiqam” istəyini vaxt itirmədən gerçəkləşdirmək istəyirdi. Buna görə də, onlar ilə eyni blokda yaşayan və əsgərliyə getməzdən öncə ona qarşı hisslərini etiraf edən Vasitəni tapıb, onu “sevdiyini” söyləmişdi. Bu da planının bir hissəsi idi, çünki Vasitənin atası polis idi…
Münasibətlərinin bir ili tamam olandan sonra nəhayət ki, xeyli vaxtdır gözlədiyi xəbər gəlmişdi: Vasitə onu evlərinə dəvət edirdi, çünki gecə evdə heç kim olmayacaqdı. Əvvəlcə şam edib, ardından sevişmişdilər və yatmaq üçün qucaqlaşıb birgə uzanmışdılar. Lakin Talehin gözünə yuxu getmirdi, çünki ağlı yalnız qurduğu planda idi. Sakitcə ayağa qalxaraq planının son mərhələsini həyata keçirmək üçün bütün evi axtarmış, uzun axtarışdan sonra isə, nəhayət ki, axtardığını tapmışdı: Vasitənin atasına məxsus silahı… Vasitə illər əvvəl söhbət əsnasında ehtiyatsızlıqla ağzından qaçırmışdı bunu. Sən demə, atası evdə gizli bir silah saxlayırmış. Planının ən gözəl tərəfi o idi ki, atası silahı tapmaq üçün iş yoldaşlarına müraciət edə bilməyəcəkdi, çünki polis olmasına rəğmən həmin silah onun üçün də qanunsuz sayılırdı…
Qapını ehtiyatla bağlayıb pilləkənlərlə aşağı endi. Blokun çıxışına çatanda birdən ayaq saxladı. Törədəcəyi cinayətin yeganə günahkarı kimi atasını görürdü. Əfsus ki, zamanı geriyə qaytarmaq mümkün deyildi… Birdən… qardaşının zaman haqqında dediyi cümlə yadına düşdü. Cəld telefonunu çıxartdı və bir neçə dəqiqəlik tərəddütdən sonra həmin cümləni atasına mesaj yazdı: “Zaman yara olsa belə, dərman özüdür.”
Telefonu cibinə qoyub yola düşəcəkdi ki, cümlənin davamını da xatırladı. Telefonu yenidən çıxarıb yazdı: “Eyni mənim kimi, eyni onun kimi.”
Daha da dərinə gedib xatırlamağa çalışdı. Sanki cümlənin davamı da var idi. Uzun-uzun düşündükdən sonra xatırlayıb son mesajını da göndərdi: “Biz birik…”
Səhər açılanda Ümidi harada tapacağını dəqiq bilirdi. Gün boyu qardaşını gizlicə izləyib, axşam düşəndə isə əlinə düşən ilk fürsəti dəyərləndirməyə qərar verdi. Bundan əlverişli məqam ola bilməzdi, çünki qardaşı iki binanın arasındakı qaranlıq yoldan keçirdi. “Ümid!” deyə bağırdı və qardaşı geriyə dönən kimi silahdakı bütün mərmiləri onun üzərinə boşaltdı. Ümidin yerə yıxıldığını görüb üstünə tərəf qaçmaq istədi, çünki planının son mərhələsi çantanı götürüb qaçmaq idi. Lakin elə bu an bir neçə evin işığının yandığını gördü. Bir an belə tərəddüt etmədən qaçmağa başladı və qonşu məhəllələrdən keçərək şəhərin qaranlığına qarışdı…
* * *
Yolboyu başı dumanlı halda gəzir, nələrin baş verdiyini anlamağa çalışırdı. Ancaq, heç nə anlamırdı, çünki ağlı baş verən acı həqiqətləri inkar edirdi.
Telefonuna mesajlar gələndən cəmi bir gün sonra evinin qapısı döyülmüş, polislər özləri ilə oğlu Ümidin ölüm xəbərini gətirmişdi. Bu hadisə dünən gecə baş versə də, sanki aradan bir ömür keçmişdi.
Hara getdiyini bilmədən asta-asta addımlayırdı. Yanından insanlar ötüb keçir, o isə gördüyü hər cavan insanın üzündə oğlunu axtarırdı. Birdən… çox uzaqdan ona tərəf yaxınlaşan doğma bir üz gördü. Yerindəcə donub qaldı. Bu mümkün deyildi… Bu ola bilməzdi… İnsan nə qədər qocalır-qocalsın, öz gənclik simasını unuda bilməzdi — hətta bu, düz 23 il əvvələ aid olsa belə.
Qarşıdan gələn, 23 il əvvəlki özü idi. Yaşadığı faciəni bir anlıq unudaraq bu inanılmaz mənzərə qarşısında sarsıldı. Lakin… birdən… gözləri qara çantaya ilişdi. Gənc özü üzündəki xoşbəxt təbəssümlə ona tərəf gəlir, sağ əlində isə qara çantanı tuturdu. Ağlasığmaz qarşılaşmanın “niyə” və “necə”sini unudaraq, daxilində vulkan kimi püskürən qəzəbə təslim oldu. Gənc özünün qarşısında durub “Doyunca xərclə, haramın olsun!” dedi və 23 ildən bir təkrarlanan bu dövranın qarşısında baş əyib, yoluna davam etdi…




