Mən Emil Həsənli — 10 il ərzində beynəlxalq və yerli miqyasda mühəndis kimi müxtəlif iri layihələrdə çalışdıqdan sonra, 2020-ci ildən etibarən sahibkarlıq yoluna qədəm qoydum. Artıq yalnız sistemləri deyil, dəyərləri və düşüncə tərzlərini dəyişən layihələr qurmaq istəyirdim. Bu niyyətlə də dillbill ilə ilk addımımı atdım.
Dillbill — Azərbaycanda ilk onlayn ingilis dili platforması oldu və minimal büdcə ilə ölkə səviyyəsində ciddi rezonans yaratdı. Buradan qazandığım təcrübə məni biznesin satış və marketinq tərəfinə daha çox yaxınlaşdırdı.
2023-cü ildə komandamızla birlikdə CodeStar proqramlaşdırma tədrisi platformasını yaratdıq. Bu layihədə biz artıq marketinqi tam olaraq öz üzərimizə götürdük və yalnız 3 ayda proqramlaşdırma təhsili sektoruna səs saldıq. “3 aya proqramçı ol” kimi utopik şüarların arxasında gizlənən reallıqları ifşa etdik, izləyicilərə təməl biliklərin əsl dəyərini göstərdik.
Amazon, Microsoft, PwC kimi beynəlxalq şirkətlərdə çalışan azərbaycanlı mütəxəssisləri podkastlara dəvət edərək maarifləndirmə missiyamızı gücləndirdik. Artıq 2 ildən çoxdur ki, informativ podkastlarımız davam edir və nəticələr ortadadır: tələbələrimiz xarici şirkətlərə işə qəbul olunmağa başlayıb.
Tədris sahəsində çalışarkən gördüm ki, tələbələrin qarşısını çox vaxt öz limitləyici düşüncələri kəsir. Bu problemi həll etmək üçün karyera kouçluğuna başladım: CV yazılışı, intervü texnikaları, vaxt bölgüsü və məqsəd təyini kimi məsələlərdə birbaşa dəstək oldum. Bu yanaşmanın nəticəsi olaraq bir çox tələbəm cəmi 2-3 ayda iş tapdı.
Rəqəmsal təhsilin içində olduğumuz üçün müxtəlif tədris mərkəzləri bizdən platforma və struktur istəyirdi. Biz bu müəssisələrin rəqəmsallaşmasına dəstək olduq, onların iş modellərini optimallaşdırdıq və məsləhət verdik. Konsultasiya və sistemli yanaşma bu təcrübələrdə əsas rol oynadı.
Əlbəttə, bu yol təkcə uğurlardan ibarət deyil. Biz həm də onlarla startap üzərində çalışmışıq, bəziləri uğurla yoluna davam edir, bəziləri isə bizə dəyərli dərslər verib. Bu uğur və uğursuzluqların hər biri mənim təcrübə dəftərimə çevrilib.
Bu gün artıq öz sosial media kanallarım vasitəsilə öyrəndiklərimi bölüşmək, bildiyim sahələrdə kouçluq etmək, bilmədiklərimdə isə axtarışda olan biri kimi fikir mübadiləsi aparmaq istəyirəm.
Çünki inanıram ki: Dəyər yaradaraq dəyər qazanmaq mümkündür!
